Nəsimi rayon Polis İdarəsinin əməkdaşları ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən daha 10 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə üç kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.