logo

Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb

12:32 05-11-2024 | icon 1113
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb

Cari ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

YeniAvropa xəbər verir ki, bu barədə "bp"nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.

İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23000), “Mərkəzi Azəri” (96500), “Qərbi Azəri” (75500), “Şərqi Azəri” (51000), “Dərinsulu Günəşli” (57400), “Qərbi Çıraq” (29100) və ACE (6500) platformalarından birlikdə – gündə orta hesabla 339 min barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub. Bu da ötən il ilə müqayisədə ümumilikdə 7 milyon barel və ya 7,14 faiz azdır.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub. İlin üç rübü ərzində AÇG-də 11 neft hasilatı quyusu, 2 su injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.

Cari ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd olunub ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Quyu mövcud “Qərbi Çıraq” platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir.