Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir.
YeniAvropaa xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən istifadədə vacib rol oynayır.
“Buna görə biz böyük investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir”, - deyə nazir qeyd edib.