Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tiktok platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin videoları yayan şəxslərin anket məlumatları Baş İdarə və ərazi polis orqanları tərəfindən qısa zamanda müəyyən olunub. Tiktok sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov Baş İdarənin əməkdaşları tərəfindən qısa zamanda saxlanılıb.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumat verilib. Adları çəkilən şəxslərin tiktokda paylaşdıqları bu tipli videolar silinib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib. Onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəmələrə göndərilib.