logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi müzakirə olunub

13:53 16-07-2021 | icon 1967
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Ölkəmizdə fəaliyyət göstərən BMT-nin Rezident Koordinatorunun Ofisi tərəfindən Azərbaycandakı beynəlxalq inkişaf təşkilatları ilə onlayn formatda görüş təşkil edilib. İnkişaf tərəfdaşlarının ildə dörd dəfə təşkil olunan ümumi iclaslarının məqsədi tərəfdaşlara ölkənin inkişaf prioritetləri ətrafında səylərini birləşdirməkdə dəstək verməkdir.

Mütəmadi olaraq keçirilən bu görüşlərdə Azərbaycan hökumətinin nümayəndələri ölkənin inkişaf hədəfləri barədə iştirakçıları məlumatlandırır, onların suallarına cavab verirlər.

YeniAvropa xəbər verir ki, budəfəki görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Fuad Dərgahlı da iştirak edib.

F.Dərgahlı görüş iştirakçılarına yeni qurulmuş Agentliyin məqsəd və vəzifələri, prioritetləri haqqında məlumat verib, qurumun həm yerli, həm də beynəlxalq təsisatlar, donorlar və digər müvafiq maliyyə institutları ilə gələcək əməkdaşlığın perspektivləri barədə planlarından danışıb. Qeyd olunub ki, Agentlik qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək istiqamətində fəaliyyətləri həyata keçirəcək. Həmçinin dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf və təşviq etməklə mövcud sosial və iqtisadi sahələrdə vətəndaş cəmiyyətinin töhfə verməsi üçün addımların da atılmasını nəzərdə tutan işlərin görülməsi planlaşdırılır.

Sonra F.Dərgahlı görüş iştirakçılarının Agentliyin fəaliyyəti və qurumun QHT-lərlə bağlı gələcək planları ilə əlaqədar suallarını cavablandırıb.

Qonaqlar gələcəkdə bu cür görüşlərin keçirilməsinin ölkəmizdə fəaliyyət göstərən QHT-lərin inkişafı üçün səmərəli olacağını qeyd ediblər. Bildiriblər ki, bu cür qarşılıqlı əməkdaşlığın dərinləşməsində fayda var.