Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 pandemiyası üzrə xüsusi nümayəndəsi David Nabarro ilə görüşüb.
Mərkəzdən YeniAvropa-ya bildirilib ki, görüşdə VIII Qlobal Bakı Forumuna hazırlıqla bağlı müzakirələr aparılıb.
“COVID-19-dan sonra dünya” mövzusuna həsr olunacaq VIII Qlobal Bakı Forumunda dünyanın tanınmış siyasətçiləri və ekspertləri bir araya gələrək koronavirusla bağlı dəyişən geosiyasi vəziyyəti müzakirə edəcəklər.
Xatırladaq ki, VIII Qlobal Bakı Forumu ötən il martın 12-dən 14-dək keçirilməsi planlaşdırılırdı. Lakin pandemiya səbəbindən tədbir təxirə salındı.
Qeyd edək ki, indiyədək Bakı Forumları bir qayda olaraq mart ayında keçirilib. VII Qlobal Bakı Forumu 2019-cu ildə martın 14-dən 16-dək keçirilib. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib.
VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.