Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyasının yaxınlığında qoyulacaq heykəlinin ərazisi hasarlanır və hazırlıq işlərinə başlanılır.
YeniAvropa xəbər verir ki, ərazidə heykəlin qoyulması üçün qazıntı və fundament qoyulması işlərinə başlanacağı gözlənilir.
Ötən ildən hazır olan heykəlin ucaldılması pandemiya səbəbindən ertələnmişdi.
Xatırladaq ki, ötən il martın 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilib. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilib.
Daha sonra Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.
Abidənin hündürlüyü 2,5 metr olacaq.