logo

Vilayət Eyvazov kollegiya iclası keçirdi

16:59 09-07-2021 | icon 2261
Vilayət Eyvazov kollegiya iclası keçirdi

İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb. Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayətin qeydə alındığını, açılmasının isə xeyli yaxşılaşdığını qeyd edib.

Nazir cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində də 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını bildirib.

General-polkovnik V.Eyvazov bütün bunlarla bərabər, fəaliyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu, onların ətraflı müzakirə edilib əlavə təşkilati tədbirlər müəyyən edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını, habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Məruzəətrafı çıxışlarda Nazirliyin aparatının sturuktur qurumlarının və ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan konkret tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.

Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan Nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.