logo

Mandatını girov qoyan sabiq deputatın məhkəməsi başlayıb

21:51 08-07-2021 | icon 2128
Mandatını girov qoyan sabiq deputatın məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Sabiq deputat ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib:"Özümü qəti təqsirli bilmirəm".

Prosesdə zərərçəkmiş Yusif Orucovun nümayəndəsi sabiq deputata qarşı qaldırdıqları mülki iddianın məbləğində dəyişiklik olunmasını istəyib. Növbəti prosesdə zərərçəkmişlər dindiriləcək.

Məhkəmə prosesi 22 iyulda davam edəcək.

Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə - ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyini vəd edərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

İstintaqın gəldiyi qənaətə görə Rafael Cəbrayılov deputat olarkən qardaşı Rauf Cəbrayılov tərəfindən Bakı şəhər sakininə satılan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət sənədi alacağı barədə yalan vəd verib. Bu adla həmin vətəndaşdan 240 min manat alıb və onu “şəxsi ehtiyaclarına” sərf edərək mənimsəyib.

Qeyd edək ki, iş üzrə zərərçəkənlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatıdır. Cəbrayılov ondan “yarımçıq qalmış binanın tikintisi” adı altında yüz minlərlə manat alıb və qaytarmayıb. R.Cəbrayılov mandatını girov qoyub sələmçidən borc götürməsi və daha sonra qaytarmaması qalmaqalı ilə də məşhurdur.