Füzuli rayon Prokurorluğu iyulun 8-də işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndində iki nəfərin minaya düşməsi ilə bağlı yeni məlumat yayıb.
Rayon prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, iyulun 8-də iki nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Araşdırmalarla müəyyən olunub ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb. Nəticədə Nuru Nuriyev hadisə yerində həlak olub, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.
Faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.