İyulun 8-də saat 14 radələrində iki nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli Rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Ona inzibati qaydada 30 sutka həbs cəzası verilmişdi.