logo

Bərdə Peşə Liseyinin direktoruna cinayət işi açıldı

10:30 07-07-2021 | icon 1918
Bərdə Peşə Liseyinin direktoruna cinayət işi açıldı

Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürovun qanunsuz hərəkətlərinə dair Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020-cu və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50-dək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat məbləğində pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib. Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.