logo

6 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

12:11 06-07-2021 | icon 1715
6 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, avtoyuma yerində işləyən Ağsu rayon sakini, 1956-cı il təvəllüdlü Babayev Sahib Babaxan oğlunun 2015-ci il iyulun 6-da Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkarlanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəriyə daxil olub. O, ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə iki dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürüb, sonrakı günlərdə isə meyiti sellofana bükərək torbaya salmaqla aparıb Ağsu çayının kənarına qoyub.

Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf edib.

İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.