“Yeni klinika”nın həbs edilən direktorunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi
“Yeni klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmaları üçün rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.