Dünyada 900 palçıq vulkanı mövcuddur. Onlardan 300-ə qədəri Azərbaycandadır. Dünənki vulkan püskürməsi də vulkan mənşəli Daşlı adasında qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, həmin ada çoxdan mövcuddur və vulkan püskürməsi nəticəsində yaranıb: “Xəzər dənizində 200-ə qədər sualtı palçıq vulkanı var. Onlardan 120-si Azərbaycan sektoruna aiddir. Bundan başqa, Abşeron arxipelağında 8 vulkan mənşəli ada var”.
R.Səttarzadə bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilərin həmin əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb: “Hava şəraitinin stabilləşməsindən sonra Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu ETSN-in “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə həmin yerə çıxacaq. Həmin əraziyə yaxın yerlərdən su nümunələri, dib çöküntüləri götürüləcək, dünən baş vermiş vulkan püskürməsi nəticəsində ətraf mühitdəki dəyişikliklərin nəzarətdə saxlanılması üçün elmi-tədqiqat işləri aparılacaq”.