Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək.
YeniAvropa xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin(MEDİA) İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, MEDİA tərəfindən vəsiqə müəyyənləşdirilən tələblərə cavab verən jurnalistlərə veriləcək.
Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə toxunan icraçı direktor deyib ki, bunlar dəstək layihələridir, heç də hər hansı media orqanının bütün xərclərini qarşılaya bilməz. Bu, sadəcə olaraq, çatışmayan maliyyə resursunu qarşılamaq üçündür.
“Maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər var. Biz bu istiqamətdə də tədbirlər görməkdəyik. Bu layihələr gələcəkdə həyata keçirəcəyimiz layihələrin cüzi hissəsidir”, - deyə Əhməd İsmayılov qeyd edib.