logo

Toy keçirmək üçün portaldakı 956 qeydiyyatdan 336-sı Bakıdandır

15:55 02-07-2021 | icon 4620
Toy keçirmək üçün portaldakı 956 qeydiyyatdan 336-sı Bakıdandır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib.

Dövlət agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı iyulun 1-də qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb.

Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı iyunun 26-dan etibarən EHİM tərəfindən aktivləşdirilib.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunur. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir.