"Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır".
YeniAvropa xəbər verir ki, ümummilli lider Heydər Əliyevin səsləndirdiyi bu sitatı siyasi elmlər doktoru, professor Vaqif Abdullayev 2 İyul -Azərbaycan Polisinin yaradılmasının 103-cü ildönümünü ilə əlaqədar yazısında qeyd edib. Həmin yazını təqdim edirik:
"Azərbaycan polisi yarandığı gündən indiyədək çox şərəfli yol keçib. Müstəqilliyin ilk illərində dövlətimizin suverenliyi təhlükə altına düşəndə polis öz şərəfli xidməti borcunu ödəyib. Ermənistanın Azərbaycana təcavüzü zamanı Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq şücaəti ayrıca bir mövzudur. Polisimiz düşmənlə döyüşlərdə əsil vətənpərvərlik nümunəsi və rəşadəti göstərərək düşmənə qan uddurub, onlara ağır zərbələr vurub, Şuşada, Xocalıda, Laçında və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində misilsiz igidliklər göstəriblər. Respublikamızdakı ictima-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək istəyən təxribatlara qarşı da ön cəbhədə Azərbaycan polisi dayanıb. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, müstəqilliyimiz qorunub saxlanmasında polsimizin rəşadəti xüsusi yer tutur.
Müstəqil Azərbaycanən öz milli polisinə ən yüksək dəyər Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilib. Ümummilli lider Heydər Əliyev deyirdi ki, polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. “Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”. Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də Ulu öndərin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.
Prezident İlham Əliyevin Azərbaycan polisinə diqqəti və qayğısı sayəsində polis orqanlarının hərtərəfli inkişafı baş verib, qanunçuluğumuz, sabitliyimiz daha da möhkəmlənib.
Bu gün dünyada yeni müharibə - koronavirus pandemiyası davam edir. Azərbaycan polisi bu müharibənin ön cərgəsindədir. Polislərimizin bu müddətdə göstərdiyi fədakarlıqlarla hər birimiz fəxr edirik. Həkimlərimizlə yanaşı, polislərimiz də əsil fədakarlıq göstərir, gecə-gündüz bu xəstəliyin yayılmaması üçün ayaq üstədirlər. Onlar hər gün minlərlə insanla təmasda olurlar, bunun özü bir təhlükə, riskdir. Ancaq polislərimiz həyatlarını təhlükə və risk altına ataraq vətəndaşların yanındadırlar, onlara əllərindən gələn dəstəyi, köməyi göstərməkdədirlər. Evində çörəyi olmayana çörək aparır, suyu kəsilən məhəllələrə su maşınlarını yollayırlar. Dərmana ehtiyacı olanlara dərman alıb verirlər, neçə-neçə insanı öz maşınlarında xəstəxanaya aparırlar. Azərbaycan himni səslənəndə farağat dayanıb, qürurla iftixar ünvanına çevrilirlər.
Bu gün hər birimiz polisimizə borcluyuq, onlarla qürur duyuruq.
Bayramınız mübarək əziz Polislər!"