logo

Sabahdan idman zalları açılır

15:33 30-06-2021 | icon 4011
Sabahdan idman zalları açılır

İyulun 1-dən etibarən idman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80 faizinin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olduğu halda icazə veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının idarə olunmasına dair Metodiki Göstərişlərdə qeyd olunub.

Məlumata əsasən, göstərişlərə əməl edilməsinə nəzarət üçün idman obyektlərində cavabdeh əməkdaş təyin edilməlidir.

Metodiki Göstərişlərdə bildirilib ki, idman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunmalıdır. Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə), yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır. İdman avadanlıqları arasında 1,5 metrlik məsafə qorunmalı, idman zallarında hər istifadəçi üçün minimum 4 kvadratmetr sahə nəzərdə tutulmalıdır.

Qeyd edək ki, məşqçi heyət isə yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.

Xatırladaq ki, idman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirilməli, idman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər yerləşdirilməli, əməkdaşlar və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir.