logo

Müştərisinin evindən pul oğurlayan falçının maşınından avtomat tapıldı

12:29 29-06-2021 | icon 3311
Müştərisinin evindən pul oğurlayan falçının maşınından avtomat tapıldı

Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki, Qusar rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 11 min 800 manat pulunun oğurladığını bildirib. Şikayətçi qeyd edib ki, iyunun 27-də tanımadığı bir qadın onun yaşadığı ünvana gəlib, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə evə daxil olub və pullarını oğurlayıb.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu mənimsəyən qadının Yevlax rayon sakini Aygün Məmmədova olduğu müəyyən edilib. Bununla yanaşı A.Məmmədovanın həyat yoldaşı Elçin Abdullayevlə birlikdə “Ford Tranzit” markalı nəqliyyat vasitəsilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən olunub.

Həmin şəxslər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Qusar rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.