logo

Fövqəladə Hallar Nazirliyi anomal istilərlə bağlı əhaliyə müraciət etdi

13:13 23-06-2021 | icon 2170
Fövqəladə Hallar Nazirliyi anomal istilərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) anomal isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə hazırda ölkə ərazisində hökm sürən anomal isti hava şəraitinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlərdə də davam etməsinin, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksəlməsinin gözlənildiyi vurğulanıb.

Qeyd olunub ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətində yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində qeyd olunub.