logo

Toy üçün icazə necə olacaq?

22:50 22-06-2021 | icon 2261
Toy üçün icazə necə olacaq?

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən iyulun 1-dən Azərbaycanda toylarına keçirilməsinə icazə verildi. Qərara əsasən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə məclis təşkil oluna bilər.

Bunun üçün şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir.

Bəs bütün bu proses necə həyata keçiriləcək?

 YeniAvropa xəbər verir ki, bu barədə Elektron Hökümətin İnkişafı Mərkəsi Publik hüquqi şəxsin idarəetmə ofisinin müdiri Aynur Qurbanlı sualları cavablandırıb.

- İşləyən əməkdaşların icazəsi sistemə necə daxil ediləcək?

- Möhür səlahiyyəti olan məkan sahibi tərəfindən ilkin olaraq //icaze.e-gov.az/ saytına daxil olunur. Sistemə giriş "ASAN Login" vahid giriş sistemi ilə olur. Növbəti mərhələdə möhür səlahiyyətli şəxs tərəfindən elektron imza və ya ASAN imza ilə giriş edilir. İcazələr sisteminə giriş etdikdən sonra sol tərəfdə məkanın tədbirlərdə çalışacaq əməkdaşlarının icazələr daxil ediləcək. Burada əməkdaşın müqaviləsinin forması (əmək və ya xidməti müqavilə), əmək müqaviləsi ilə işlədikdə, Azərbaycan və ya xarici vətəndaş olduqda şəxsiyyəti təsdiq edən sənədin Fərdi İdentifikasiya Nömrəsi (FİN), vəzifəsi, əlaqə nömrəsi, elektron poçt ünvanı, iş yerinin tam adı, icazənin başlama və bitmə tarixi, əlavə qeyd olduqda məlumatlar daxil edilir və təsdiqlə bölməsinə basmaqla yadda saxlanılır, xidməti müqavilə ilə işlədikdə isə, bu məlumatlardan əlavə olaraq xidmət göstərən əməkdaşın VÖEN-i qeyd olunur. Əməkdaşın icazəsi daxil edilərkən onun Covid 19 vaksin sertifikatının olması, son 6 ay ərzində immunitet sertifikatının olması halları yoxlanılacaq və məkan sahibinə əməkdaşları daxil etdikdə qurumda sertifikatı olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əks olunacaq. Növbəti mərhələdə yalnız əməkdaşlarının 80%-də sertifikat olan restoranların tədbir yerləşdirilməsi üçün icazə veriləcək.

- Məkan sahibi tərəfindən zallar necə daxil ediləcək?

- Məkan sahibi tərəfindən Obyektlər bölməsinə daxil olduqda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində obyekt olaraq qeydiyyatdan keçirdiyi obyektlər haqqında məlumat əks olunacaq. Burada obyektin kodu, obyektin adı məlumatları əks olunacaq. Hər hansı məlumat çatışmazlığı olararsa, bu zaman qurum sahibi tərəfindən Dövlət Vergi Xidməti ilə əlaqə saxlayaraq məlumatlarını yeniləyə bilər. Obyektlər haqqında məlumatlar tam olduqdan sonra məkan sahibi tərəfindən obyektin zalları haqqında məlumatlar daxil ediləcək. Bunun üçün sol tərəfdə "Zallar” bölməsinə daxil olmaqla yuxarı sağ küncdə "Yeni” buttonuna klik edərək daxil edə bilər. Zallar haqqında məlumat daxil edildikdə, məkan sahibi tərəfindən zalın yerləşdiyi obyektin adı seçilir, daha sonra zalın adı, zalın sahəsi, zalın tutumu qeyd olunur və yadda saxlanılır.

- Tədbirlər necə sistemə əlavə olunacaq?

- Növbəti mərhələdə məkan sahibi sol tərəfdə "Tədbirlər” bölməsinə daxil olmaqla yuxarı sağ güncdə "Yeni” buttonuna basmaqla yeni tədbir daxil edə bilər. Nəzərə almaq lazımdır ki, məkan sahibi tədbirə ən azı 5 gün qalmış tədbir haqqında məlumat daxil edə bilər. Tədbir ilə bağlı məlumat daxil edərkən, obyektin adı, zalın adı, tədbirin tarixi, başlama vaxtı, bitmə tarixi, qonaqların sayı, məkan və toy sahibi arasında imzalanmış iltizam sənədi haqqında məlumatlar daxil edərək yadda saxlanılır. Qonaqların sayı 50-dan çox 150-dən az olmalıdır. Müvafiq məlumatlar toplanılaraq monitorinq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir./Azvision.az