Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin pozulması halları ilə bağlı daxil olmuş müraciət əsasında Yevlax rayon Prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun Yevlaxda və ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfərin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün xüsusi karantin rejiminin tələblərinə zidd olaraq həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq, 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.
Faktla bağlı Yevlax rayon Prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə göndərilib.
Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.