Azərbaycanda iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-25°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı ehtimal edilir.