logo

17 illik nazirə məhkəmə 11 il həbs cəzası kəsdi

13:53 18-06-2021 | icon 2387
17 illik nazirə məhkəmə 11 il həbs cəzası kəsdi
Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, polis general-leytenantı, bu ilin martında müəmmalı şəkildə həbs edilmiş Əhməd Əhmədova hökm oxunub.

YeniAvropa xəbər verir ki, keçmiş nazir 11 illik həsbxana cəzasına məhkum edilib. Lakin onun nədə ittiham olunduğu, barəsində qaldırılmış cinayət işinin təfərrüatları haqda heç bir məlumat verilmir.

Eləcə də hökmü hansı məhkəmənin çıxardığı barədə məlumat yoxdur.

Digər xəbərə görə, Əhməd Əhmədovla eyni günlərdə həbs edilmiş digər keçmiş Naxçıvan naziri Məmməd Qəribov barəsində məhkəmə şərti cəza çıxarıb. Keçmiş təhsil naziri Qəribov məhkəmə zalından buraxılıb,

Əhməd Əhmədov 17 il Naxçıvanın daxili işlər naziri olub və fəaliyyəti dövründə özünün xüsusi qəddarlığı ilə ad çıxarmışdı.  Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaşlı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan şəhər Polis Şöbəsinin rəis müavini, bundan bir neçə ay sonra isə daxili işlər naziri təyin olunub. 2017-ci ildə həmin vəzifədən azad edilib.

 

Vəzifədən azad edildikdən sonra Əhməd Əhmədov bir müddət Naxçıvanda qalsa da daha sonra əsas biznes obyektlərinin yerləşdiyi Bakıya yerləşmişdi. Elə onun həbsi də Bakıda baş verib. Bəzi KİV-lər keçmiş naziri həbs etmək üçün Naxçıvandan xüsusi qrup göndərildiyini, onun Bakıxanov qəsəbəsi ərazisindəki obyektlərindən birində əlləri qandallanmaqla həbs olunduğunu və Naxçıvana aparıldığını bildirirdi. Lakin Baş prokurorluq bildirmişdi ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Qeyri-rəsmi məlumatlara görə, keçmiş nazir vəzifədə işlədiyi dövrdə mənimsəməyə və korrupsiyaya yol verməkdə ittiham olunurdu.

Əhməd Əhmədovun 2017-ci ildə vəzifəsindən azad edilməsindən az sonra onun adı qardaşının ittiham edildiyi adam oğurluğu işinə görə gündəmə gəlmişdi. Belə ki, Əhməd Əhmədovun biznesini idarə edən qardaşı Əvəz Əhmədov 2018-ci ilin yayında həbs edilib. Əvvəllər gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əvəz Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. İttihama görə o, 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb. Lakin Ə.Əhmədov bu ittihamları qəbul etmirdi. Bildirirdi ki, əslində H.Əsgərov gəlirli biznes qurub ona sanballı dividend ödəmək adı altında pulu alıb və qaytarmayıb.