YeniAvropa xəbər verir ki, hər iki halda səbəb onların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə qanunsuz səfər etmələri olub.
“Matç TV” kanalının şərhçisi Konstantin Geniç ötən gün axşam sosial şəbəkədə çempionatın təşkilat komitəsi 2009-cu ildə Qarabağa səfər etdiyi üçün onun akreditasiyasını ləğv etdiyini bildirib.
Geniç özünün "Telegram" kanalında bu barədə məlumat paylaşıb. O, UEFA-dan bununla bağlı məktub aldığını deyib. Məktubda qeyd edilib ki, o, yoxlamadan keçməyib və nəticədə akreditasiya olunmayıb.
Şərhçinin bildirdiyinə görə, daha əvvəl ona Azərbaycandan zəng vurublar və Dağlıq Qarabağa qanunsuz səfəri haqda soruşublar. İdman şərhçisi cavab vermək istəməyib və qanunsuz səfərinə görə üzr istəməkdən də imtina edib.
Daha əvvəl isə onun həmkarı Mixail Mossakovski Uels-İsveçrə oyununu izləmək üçün Azərbaycana buraxılmadığını bildirmişdi. Mossakovskini sərhəddən geri qaytarıblar. Bildirdiyinə görə, sərhədçilər onun pasportundakı erməni möhürünü görəndən sonra belə qərar veriblər.
Məlum olub ki, Mossakovskinin adı işğal altındakı ərazilərə qanunsuz səfər etdiyi üçün Azərbaycanın "qara siyahısı"ndadır.
Xatırladaq ki, analoji səbəblə bundan əvvəl erməni əsilli rusiyalı idman şərhçisi Nobel Arustamyan da Azərbaycana buraxılmamışdı.