logo

"EURO-2020"nin azərkeşlərini 3 saat əvvəldən avtobusla BOS-a daşınacaq

10:56 12-06-2021 | icon 2275
"EURO-2020"nin azərkeşlərini 3 saat əvvəldən avtobusla BOS-a daşınacaq

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan nəqliyyat planının icrasına başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən bildirilib .Qeyd edilib ki, plana uyğun olaraq bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspress marşrut xətləri üzrə cəlb edilən avtobuslar artıq daşımalara hazırdır. Səhər saatlarından daşımalarda iştirak edən sürücülər tibbi müayinədən keçirilib.

“X-1” marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatrının önündən, “X-2” marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyeva küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspress xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspress xətt avtobusları ilə icra olunacaq. Bunun üçün “P21” və “P22” olmaqla əlavə iki ekspress xətt təşkil edilib. “P21” xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi – “Dəniz Mall”un qarşısı, “P22” xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı - Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi, “P21” və “P22” xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılıb. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.