logo

Operativ Qərargah restoran sahiblərinə xəbərdarlıq etdi

13:58 08-06-2021 | icon 2275
Operativ Qərargah restoran sahiblərinə xəbərdarlıq etdi

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb.

YeniAvropa xəbər verir ki, məlumatda deyilir:

“Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin tətbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.

Xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır. Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub.

Vətəndaşların ölkəmizə gətirilmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir.

Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalmasını, sağalanların sayının yoluxanların sayını üstələməsini, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq.

Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür.

Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmışlar.

Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanunamüvafiq olaraq ciddi tədbirlər görüləcək.

Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanunauyğun şəkildə ciddi tədbirlər görüləcək”.