logo

Güclü leysan Şəkinin yaşayış məntəqlərinə ciddi ziyan vurub

14:44 07-06-2021 | icon 2261
Güclü leysan Şəkinin yaşayış məntəqlərinə ciddi ziyan vurub

İyunun 6-da axşam saatlarında Şəki rayonu ərazisində baş vermiş təbii fəlakət - külək və dolu ilə müşayiət olunan güclü leysan rayon ərazisindən axan dağ çaylarında daşqına səbəb olub, bəzi yaşayış məntəqələrinə sel gəlib, nəticədə vətəndaşların şəxsi təsərrüfatlarına, yollara, elektrik və təbii qaz xətlərinə ciddi ziyan dəyib.

Şəki şəhər İcra Hakimiyyətindən YeniAvropa-ya bildirilib ki, təbii fəlakət nəticəsində rayonun 13 yaşayış məntəqəsinin elektrik enerjisi və 2 yaşayış məntəqəsinin təbii qazla təchizatında fasilə yaranıb, 4 yaşayış məntəqəsində 5 ədəd keçid körpüsü yararsız vəziyyətə düşüb. Bundan əlavə, Baş Göynük və Baş Şabalıd kəndlərini birləşdirən, 11 min nəfər əhaliyə xidmət göstərən körpünü su aparıb, 100-dən çox vətəndaşa məxsus ev və yardımçı binaların üst örtüyü zədələnib, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Təbii fəlakət nəticəsində Kiş kəndinin ərazisindəki Qurcana çayını keçərkən kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədov Şamil Azər oğlu seldə boğulub.

Baş vermiş təbii fəlakətin qarşısının alınması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla təchizatının bərpası və digər istiqamətlərdə işlər aparılır.