logo

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib

13:59 07-06-2021 | icon 2324
Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib

Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib.

 YeniAvropa xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məzarın önünə Azərbaycan prezidenti adından əklil qoyulub.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.

R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.

Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.