logo

DİN əməliyyat keçirdi: 35 kq narkotik vasitə dövriyyədən çıxarıldı

13:33 07-06-2021 | icon 1918
DİN əməliyyat keçirdi: 35 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Metadon” həbləri, elektron tərəzi və narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkarlanaraq götürülüb. Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan əcnəbi vətəndaşın sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədilə ölkə ərazisinə gətirdiyini bildirib. O, narkotik vasitələrin paytaxt Bakıda və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməyi planlaşdırıb.

Baş İdarənin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Zaur Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart aşkarlanıb. Həmin şəxsin yaşadığı evdən isə əlavə 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd “Metadon” həbi və 2 elektron tərəzi aşkarlanaraq götürülüb. Zaur Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə narkotik vasitələrin satışında şübhəli bilinən Səbuhi Hüseynli saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 361 qram psixotrop maddə olan metamfetamin və heroin, həmçinin elektron tərəzi aşkarlanıb. Səbuhi Hüseynli ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Nəsimi rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Gündüz Abışov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 52 qram heroin və metamfetamin, eləcə də 2 elektron tərəzi aşkar olunub.

Bu əməliyyatlar nəticəsində ümumilikdə 35 kiloqramdan artıq narkotik maddə, o cümlədən 460 ədəd psixotrop tərkibli həb Baş İdarənin əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.