Xəbər verdiyimiz kimi iyunun 3-də Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya seçkilər keçirilib. Lakin seçkilərdən sonra sosial şəbəkələrdə seçkidə iştirak edən namizədlər tərəfindən DİN-də keçirilən seçkilər barədə müxtəlif tənqidi fikirlər səsləndiriblər.
YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda isə seçkinin qanunvericiliyin tələblərinə uyğun və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər tətbiq edildiyi bildirilib.
Məlumatda qeyd edilib ki, seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilib. Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçiliblər.
“Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in "Azadlıq" prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilib. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik.
Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir daha bildiririk ki, seçki qanunvericiliyin tələblərinə uyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidə iştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişə hörmətlə yanaşmışıq və bundan sonra da bu münasibət davam etdiriləcəkdir”, - deyə məlumatda qeyd edilir.