logo

Ayaqları Qubadlıda basdırılan qazi - VİDEO

17:13 03-06-2021 | icon 2345
Ayaqları Qubadlıda basdırılan qazi - VİDEO

“Yaxınlarda qardaş Türkiyədə yerləşən Gülhanə xəstəxanasında müayinə olunacam. Eyni zamanda, mənə 1-ci qrup əlillik verilib. Daha sonra mühərrikli təkərli oturacaqla və kiçik biznes fəaliyyətimi qurmağım üçün özünəməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilmişəm. Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş Komandana təşəkkürümü bildirirəm".

YeniAvropa xəbər verir ki, bu 44 günlük Vətən müharibəsində iki ayağını itirmiş qazi Alxasov Camal İlqar oğlu deyib. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. 

Qazi müsahibəsində həmçinin müharibə günlərini də xatırlayıb. O bildirib ki, müharibə dövründə sürücü kimi xidmət edib və hərbçilərimizə silah-sursat, yemək daşıyıb: "Yəni ordunun təminatına baxırdıq. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində təminat daşımışam. Oktyabrın 31-də maşınımızın Qubadlıda alınmış erməni postunda qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı.

Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Həmin vaxtı biz postun içərisinə doğru qaçdıq. Daha 2 mərmi atıldı. Bu zaman heç nə olmadı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Artıq dalğa məni göyə qaldırıb tulladı. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm. İki dəfə qışqırdım, yoldaşlarım məni sürüyüb posta saldılar. 3 saat orada qaldım. Çoxlu qan itirdiyimdən gözlərim tutulmuşdu. Bəxtim gətirdi ki, ayağımın şah damarını qəlpə yandırmışdı. Ermənilər dayanmadan həmin əraziyə mərmi atırdı və maşınlar gəlib bizi götürə bilmirdi”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamları ilə C.Alxasov “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub./ Report