logo

13 kq narkotik vasitəni İrandan Azxərbaycana keçirmək istədilər

10:55 01-06-2021 | icon 2086
13 kq narkotik vasitəni İrandan Azxərbaycana keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 12 kiloqram 754 qram olan narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzindən  bildirilib.

Qeyd edilib ki, DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilib. Onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş marixuana və 14 qram 283 ədəd maye şəklində “mydrax”) aşkarlanaraq götürülüb.

Bundan əlavə, Dövlət Sərhəd Xidmətinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram marixuana, 1710 qram heroin və 1620 qram metamfetamin) aşkarlanıb.

Növbəti gün DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram heroin, 577 qram metamfetamin, 3054 qram qurudulmuş marixuana) götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.