logo

Sumqayıtda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb

15:05 29-05-2021 | icon 2338
Sumqayıtda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt şəhərində iki ağacın qanunsuz kəsilməsi nəticəsində 2700 manat məbləğində ziyan vurulması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılıb. Müəyyən olunub ki, Sumqayıt şəhəri Sülh küçəsində köküstə yaş halda bir sərv və bir şam ağacı kəsilərək məhv edilib və nəticədə təbiətə 3 min manat məbləğində ziyan dəyib.

Mayın 29-da fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər polis idarəsinin istintaq şöbəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları təmin ediləcək.