Mayın 27-də üç naməlum şəxsin Bərdə rayonunun Dəymədağıldı kəndindəki Körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz yoxlama aparıb Körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində direktordan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Bərdə rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla hədə-qorxu ilə pul tələb edən şəxslərin özünü “Faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi təqdim edən Alışanov Qurban Ruben oğlu, “AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, “Araşdırmacı Jurnalist Agentliyi”nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduqları müəyyənləşdirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinə həvalə olunub.
Hazırda istintaq davam edir.