Ötən ilin oktyabrın 14-də Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və rayon prokurorluğunda istintaq aparılıb.
Binəqədi rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında qeyd edilib ki, istintaqla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürdüyü müəyyənləşdirilib.
Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.