Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılıb və mayın 25-də Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddətdə ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əməkhaqqı kartlarını özündə saxlamaqla, həmin əməkhaqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.