Baş Prokurorluq Xırdalanda 4 uşağın antisanitariya vəziyyətində yaşamasına münasibət bildirib
Azərbaycan Respublikasının Baş Prokurorluğu Abşeron rayonunun Xırdalan şəhərində dörd nəfər azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayırlar.
Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq, onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.