Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Güləhməd Məcidovun yaşadığı evdə qanunsuz odlu silah-sursat saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı verilib. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı “Kalaşnikov” markalı avtomat, patron darağı və üç patron aşkar olunaraq götürülüb.
Güləhməd Məcidov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını, amma polis əməkdaşlarına təhvil verməyərək yaşadığı evdə gizlətdiyini bildirib.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxs barəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.