Sabah Bakıda 28° isti olacaq, bölgələrdə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19°, gündüz 24-29° isti, Bakıda gecə 16-18°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.