Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlının qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.
İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Xatırladaq ki, Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib. Köhnə Xarpuxi məhəlləsi adlanan ərazidə baş verən insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında baş verib.