Sumqayıtda avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəhər sakini olan Rüfət Sərxanov idarə etdiyi “Khazar LX” markalı avtomobili ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri törədib. O, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücü saxlanılıb.
Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib. Onun barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı qəbul olunub. Məhkəmənin qərarı ilə, həmçinin R.Sərxanovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan kameralar vasitəsilə qeydə alınıb.