logo

Baş Prokurorluqdan bələdiyyə sədri Niyaz Niftiyevin həbsi lə bağlı açıqlama

13:33 22-05-2021 | icon 4501
Baş Prokurorluqdan bələdiyyə sədri Niyaz Niftiyevin həbsi lə bağlı açıqlama

Baş Prokurorluq Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə bəzi kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən informasiyalarla bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, konkret faktlara əsaslanmayan, dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar tərəfimizdən təkzib olunur.

Bildiririk ki, Binəqədi qəsəbəsi bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev 2020-ci il yanvarın 17-dən aprelin 7-dək rəhbərlik etdiyi qurumun digər iki nəfər vəzifəli şəxsi ilə birlikdə qabaqcadan əlbir olaraq koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı şəxslərə 24 halda sərbəst hərəkətlərinə icazələrin verilməsi üçün saxta arayışlar vermək müqabilində təkrarən rüşvət alıb, özü üçün qanunsuz üstünlük əldə etməklə vəzifə saxtakarlığı törədib.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 2020-ci il aprelin 18-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.1-ci, 311.3.2-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.

Ötən il dekabrın 23-də cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təsdiq edilib və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi məhkəmə baxışındadır.