logo

Həbsdə olan Rasim Məmmədovun bacanağı nədən özünü asıb?

13:40 16-05-2021 | icon 5061
Həbsdə olan Rasim Məmmədovun bacanağı nədən özünü asıb?

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov hətta yaxın qohumunu çirkin məqsədlərinin qurbanına çevirib.

 YeniAvropa xəbər verir ki, bu keçmiş deputat Nazim Bəydəmirli özünün "Facebook" hesabındakı statusda qeyd edib. 

“Xaricdən bir dostum yazmışdı ki, bəs bilirsənmi "Baku Steel Company" MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun bacanağı intihar edib? Əlavə də etdi ki, Rasim onu öz yanına işə götürübmüş. Bu da dürüst insan olduğuna görə Rasimin müavini Çingizlə mübahisə edib ki, sizin gördüyünüz iş biznes deyil, quldurluqdur, haramdır və s. Bu söhbət böyüyüb,  nəticədə bacanağı Rasimlə dalaşıb və işdən çıxıb. "Bərk gedən bacanaq" da təsir edib baldızını boşadıb”, - deyə keçmiş deputat bildirib.

Onun sözlərinə görə, Rasim Məmmədovun Elşən Rəhimov adlı keçmiş bacanağı ailəsi dağılandan sonra xaricə gedərək orada kargo şirkəti qurub. “Rasim tutulandan sonra gəlib Bakıya ki, ailəsi ilə barışıq etsin, nə isə bunu eşidən hüquq-mühafizə orqanları adamı həbs ediblər, anası tanış deputat vasitəsi ilə həmin həbs edənlərlə təmas quraraq deyib ki, adamın Rasim Məmmədovla heç bir əlaqəsi yoxdur, adama bəlkə də işgəncə də veriblər. Nə isə boşanma sənədləri və şahidlərdən sonra açıb buraxıblar”, - Nazim Bəydəmirli qeyd edib.

Keçmiş deputat deyib ki, sonradan Elşən Rəhimovun biznesinə Azərbaycandakı generallardan biri göz dikib.Sən demə onun da belə bir şirkəti var imiş.  Həmin general Rasim Məmmədovun keçmiş bacanağına şirkəti onun adamlarına təhvil verməsini tapşırıb: “Elşən Rəhimov bütün bunlardan sonra Ramazan bayramı günü sonuncu dəfə keçmiş həyat yoldaşının yanına gedib, barışmağı və Azərbaycandan getməyi təklif edib, söhbət alınmayıb və o anasının evinə gedrərək özünü asıb”.

Nazim Bəydimirli daha sonra qeyd edir ki, xəbərlərdə axtarış etsə də, Elşən Rəhimovun intihar xəbərinə rast gəlməyib. " Yəqin ki, o general adamı "ölüm həddinə çatdırdığının" məsuliyyətindən azad olmaq üçün "COVİD-19" ilə qeyd etdirib...Hesab edirəm ki, hörmətli jurnalistlər axtarıb-tapmaqda mənə və olmuş ehtimalı olan bir cinayətin açılmasına və ya təkzib olunmasında dövlətə yardımçı olacaqlar!",-deyə keçmiş deputat statusunda qeyd edib.

Xatırladaq ki, Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, “Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb.