Azərbaycanda mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Mayın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.