“Azərpambıq ASK” MMC-nin Ağdam pambıq istehsalı və tədarükü məntəqəsində baş vermiş qanunsuz hallarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış istintaqla həmin müəssisənin sabiq direktoru Həsrət Səfərovun 2018-2019-cu illərdə tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsədiyi müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Həsrət Səfərova aprelin 26-da Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.