Son illərdə 7 mindən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Nəticədə illik 30 milyon manat, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.
YeniAvropa xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdülqədirov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində bu ilin ilk rübündə görülmüş işlərə və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Agentliyin sədri bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Həmin qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir.
Vurğulanıb ki, əlillik əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s. kimi geridönməz hallarda müddətsiz təyin edilir, həmin şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır.