logo

Ağstafa icra hakimiyyəti başçısının  ərazi üzrə nümayəndəsi həbs edildi

12:21 03-05-2021 | icon 2016
Ağstafa icra hakimiyyəti başçısının  ərazi üzrə nümayəndəsi həbs edildi

Ağstafa rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ağstafa rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

2021-ci il aprelin 30-da Vəliyev Vəkil Səfər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.