Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 27-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.
Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.